CyberBridge-dən Milli Təhlükəsizlik Strategiyaları üzrə Yüksək Səviyyəli Panel Sessiyası
CyberBridge və BANM Kiber Klubunun təşkilatçılığı ilə ölkənin aparıcı informasiya təhlükəsizliyi rəhbərlərinin iştirak etdiyi panel sessiyası keçirilib. Tədbirdə milli kiber müdafiə strategiyaları və kritik infrastrukturların rəqəmsal dayanıqlığı əsas müzakirə mövzusu olub.
Tədbirin əsas məqsədi gələcəyin kiber mütəxəssislərini ölkəmizin rəqəmsal təhlükəsizlik siyasəti və kritik sistemlərin qorunması mexanizmləri ilə yaxından tanış etməkdir.
Sessiyada sahənin ən yüksək səviyyəli ekspertləri spiker qismində çıxış edərək strateji məlumatları bölüşüblər:
Murad Balayev – Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (Dövlət CERT-inin) rəisi.
Elşən Tanrıverdiyev – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İnformasiya Texnologiyaları İdarəsinin Planlaşdırma və şəbəkə şöbə rəisinin müavini.
Elxan Abdullayev – "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru.
Müzakirələr zamanı ölkəmizin rəqəmsal sərhədlərinin qorunması, hərbi və mülki infrastrukturlarda kiber insidentlərin qarşısının alınması və milli təhlükəsizlik strategiyalarının rolu barədə ətraflı məruzələr dinlənilib. Spikerlər tələbələrə bu sahədə peşəkar karyera qurmaq üçün vacib olan amillər və sahənin gələcək çağırışları barədə tövsiyələrini veriblər.
CyberBridge olaraq, gənc istedadların yetişdirilməsi və onların dövlət əhəmiyyətli qurumların təcrübəli rəhbərləri ilə dialoqunun təmin edilməsi prioritet hədəfimizdir. Belə bir formatın təşkili nəzəri biliklərin praktik sahə mütəxəssisləri tərəfindən möhkəmləndirilməsinə xidmət edir.
Tədbir interaktiv sual-cavab hissəsi ilə başa çatıb. CyberBridge olaraq kiber maarifləndirmə və milli rəqəmsal dayanıqlıq naminə layihələrimizi davam etdirəcəyik.



