ADNSU-da kibertəhlükəsizlikdə yerli innovasiyaların təşviqinə həsr olunan forum keçirilib

ADNSU-da kibertəhlükəsizlikdə yerli innovasiyaların təşviqinə həsr olunan forum keçirilib

ADNSU-da "CyberConnect" forumu keçirildi.CyberBridge və ADNSU-nun təşkilatçılığı ilə kibertəhlükəsizlikdə yerli innovasiyalar müzakirə olundu, gənclərin CYBERSHIELD S3 və GeoShield kimi layihələri təqdim edildi.

Dərc olunub: 1 Oktyabr 2026
2 dəq oxu
Kateqoriya: news
Yenilənib: 1 Oktyabr 2026
"CyberBridge" Texnologiya və İnnovasiya Təşəbbüsünün və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startup və TTO şöbəsinin birgə təşkilatçılığı ilə ADNSU-da “CyberConnect: Kibertəhlükəsizlikdə Yerli İnnovasiyaların Təşviqi” adlı forum keçirilib.
Tədbiri giriş sözü ilə açan “CyberBridge” təşəbbüsünün rəhbəri Ruslan Xəlilzadə forumun əsas məqsədləri, kibertəhlükəsizliyin elmi tədqiqat, innovasiya və sənaye əməkdaşlığı baxımından əhəmiyyətindən danışıb. Tədbirin həyata keçirilməsində baş sponsorlar olan IDTECH Academy və Hostimul şirkətlərinə xüsusi təşəkkür edilib.
Forumun davamında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyinin Maarifləndirmə və Tədqiqat sektorunun böyük məsləhətçisi Fariz Ələsgərovun moderatorluğu ilə panel sessiyası baş tutub. Panel müzakirələrində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) Təhsil, Təlim və İnsan Resursları Komitəsinin katibi Bəhruz Əliyev, ADNSU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Elviz İsmayılov və AKTA-nın kibertəhlükəsizlik eksperti, AR ETN Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi Lamiyə Nəcəfova iştirak ediblər. Müzakirələr zamanı insan kapitalının inkişafı, mövcud institusional və qanunvericilik mühiti, gənc mütəxəssislərin real məhsul yaratmaqla ekosistemə inteqrasiyası, həmçinin elm, təhsil və praktika əlaqələrinin gücləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Prorektor Elviz İsmayılov universitetdə gənc tədqiqatçıların ideyalarının reallaşdırılması istiqamətində mövcud olan dəstək mexanizmləri barədə məlumat verib.
Tədbir çərçivəsində gənc tərtibatçıların və tədqiqatçıların innovativ layihələrinin təqdimatları nümayiş olunub:
* Kənan Paşazadə ESP32-S3 mikrokontrolleri əsasında hazırlanan portativ, modul kibertəhlükəsizlik cihazı olan “CYBERSHIELD S3” layihəsini təqdim edib.
* Murad Qaramollayev kibertəhdidlərin monitorinqi və risklərin qiymətləndirilməsinə yönəlmiş “GeoShield” proqnozlaşdırıcı kibertəhlükəsizlik platformasını nümayiş etdirib.
* Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun icraçı direktorunun müavini, texnika elmləri doktoru Dr. Hikmət Kərimov “Kərimov-Ələkbərli modeli: Süni intellektin etik sabitliyinin riyazi-termodinamik əsasları” mövzusunda təqdimatla çıxış edib.
Forum iştirakçıların və ekspertlərin sual-cavab sessiyaları, açıq müzakirələr və xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb. Tədbirin yüksək səviyyədə təşkil olunmasında Startup və TTO şöbəsinin müdiri Əhməd Əhmədzadə və şöbənin aparıcı mütəxəssisi Qədim Qədimov yaxından iştirak ediblər.

Oxşar məqalələr

Bu mövzuda daha çox məzmun kəşf edin