Bakı Gənclər Mərkəzində rəqəmsal transformasiya və kadr hazırlığına dair panel sessiyası keçirilib
Bakı Gənclər Mərkəzi, “CyberBridge” Texnologiya və İnnovasiya Təşəbbüsü və “TechGuard Academy”-nin tərəfdaşlığı ilə keçirilən panel sessiyasında ölkənin rəqəmsal ekosisteminin gücləndirilməsi və yüksəkixtisaslı İT mütəxəssislərinin yetişdirilməsi məsələləri müzakirə olunub.
Panel sessiyası iki əsas istiqamət üzrə aparılıb:
"Strateji Kadr Hazırlığı və Reallıqlar"
"İnnovasiya və Gələcək Perspektivlər"
Müzakirələrdə sahənin tanınmış ekspertləri iştirak edərək öz təcrübələrini bölüşüblər:
Vüqar İsmayılov – DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi, İT İnfrastruktur Departamentinin direktor müavini;
Sənan Səfərəliyev – Kapital Bank, Kibermüdafiə şöbəsinin rəhbəri;
Orxan Bəhramov – AR Elm və Təhsil Nazirliyi, Təhsil üzrə İKT Bürosunun Layihə İdarəetmə Ofisinin rəhbəri.
Müzakirələrin əsas məqamları:
Panel çərçivəsində dövlət xidmətlərinin rəqəmsallaşmasında kadr potensialının rolu, bank sektorunun kritik infrastrukturlarında "Blue Team" mütəxəssislərinə olan ehtiyac və təhsil sistemində rəqəmsal bacarıqların artırılması məsələləri diqqət mərkəzində olub.
Ekspertlər vurğulayıblar ki, müasir dövrdə təkcə nəzəri biliklər kifayət deyil. Gənclərin real iş mühitinə adaptasiyası üçün:
Praktiki laboratoriyalar və simulyasiyalar;
Beynəlxalq standartlara uyğun təlimlər;
Layihə idarəetmə metodologiyalarının öyrənilməsi həyati əhəmiyyət daşıyır.
Xüsusilə Big Data və bulud texnologiyaları sahəsində infrastruktur mühəndisliyinin gələcəyin karyera imkanlarında yaratdığı perspektivlər geniş təhlil olunub.
Tədbirin sonunda “TechGuard Academy” tərəfindən gənclərin rəqəmsal bacarıqlarının artırılması üçün nəzərdə tutulan xüsusi tədris proqramları və praktiki imkanlar təqdim edilib. Sessiya iştirakçıların suallarının cavablandırılması və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.


